Zaman aşımı və ertələmə bu sözün cəmiyyət tərəfindən düz qəbul edilməməyinə səbəb olub. Bizlər hər işi sonraya ertələdiyimiz üçün, vaxtında görülməsi mümkün olan məsələləri çox sonralar edərkən sanki bundan həzz alırıq. Və sonrada öyrənməyin yaşı yoxdur deyirik. Əslində öyrənməyin yaşı var. Hər şey öz vaxtında, yerində gözəldir. Bu sözdəki haqlı yanaşma odurki vaxtında öyrənilməsi hər hansı tutarlı səbəblərdən mümkün olmayan şeylərin sonradan öyrənilməsi problem yaratmır. Amma bəzi hallarda çox sonralar öyrənilmiş bilik nəyisə dəyişmək iqtidarında olmadığından, sadəcə həvəs, məqsəd və ya prinsip üçün icra edilir. Çox yaşlı birinin ömrünün bəlkədə son günlərində hər hansı bir xarici dili öyrənməyi böyük ehtimalla məntiqi olaraq ona hər hansı fayda verməyəcək. Bu yalnız onun öz istək, məqsədinə çatmağına xidmət edir. Bəzi hallarda sadəcə məqsədsiz prinsip üçün icra olunur. Bütün bu reallıqları nəzərə alsaq bu sözün şüuraltı uyuşdurucu xüsusiyyətini dərk edib, vaxtımızı düzgün idarə etməli və indi öyrənilməsi vacib olan məsələləri ertələməməliyik. Əks halda illər sonra sadəcə prinsip və ya arzu xatirinə heç bir xeyiri olmayan məsələləri özümüzü haqlı çıxartmaq üçün öyrənəcəyik. Eqomuzu tətmin etmək üçün edilən bu hərəkət bizə heçnə qazandırmayacaq. Nəticə etibarilə hər şeyi vaxtında, nizamlı və düzgün ardıcıllıqda etmək ən faydalı nəticəyə aparır. Sadəcə "öyrənməyin yaşı yoxdur" sözünü şüar edib arzu, məqsədlərimizi uzun illər sonraya təxirə salmaq özümüzə qarşı ən azından haqqsızlıqdır. Cəmiyyətimizdə bu söz tənbəlliyin və ertələmənin uğurlu bir hal kimi qiymətləndirilməsinə şərait yaradır. Əslində sadə bir məsələ kimi görünsədə, dilimizdəki bir çox belə xırda nüanslar bütün həyatımıza ciddi təsir edərək, gələcəyimizə yön verir.